Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün keçirilən test imtahanları başa çatıb

2020-09-18

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 31avqust - 16 sentyabr tarixlərdə keçirilmişdir.
Müsabiqəyə 268 vakant vəzifə çıxarılmışdır. 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət etmişdir ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınmışdır.
Test imtahanlarında 714 namizəd iştirak etmiş, 414 namizəd keçid balını toplamışdır.
Ən çox vakant vəzifələr Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə mövcud olmuşdur. Ən çox müsabiqə vəziyyəti isə İbtidai sinif müəllimliyi (148 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyata alınmışdır.
Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilmişdir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilmiş və hər bir düzgün cavab bir balla qiymətləndirilmişdir. Səhv cavablar düzgün cavablara təsir etmir.
Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxslər müvafiq vəzifələrə təyin olunacaqlar. Keçid balını toplamış namizədlərin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.
Qeyd edək ki, test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana biliblər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır.
Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Test imtahanında namizədlər tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı