Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Dekabrın 29-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2015-ci ilin yekunu və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.

2016-01-02

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tədbiri giriş sözü ilə açaraq məruzə edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2015-ci ildə fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etmişdir. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 5 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 6 qərarı ləğv etdirilmişdir.
Komissiya 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmişdir. Dövlət orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqələrdə 725 namizəd iştirak etmiş, test və müsahibə mərhələlərində 142 namizəd müvəffəqiyyət qazanmışdır. Həmin şəxslərin 137-si vəzifəyə təyin olunmuş, 1 namizəd təklif olunan vəzifədən imtina etmişdir. Namizədlərdən 4-ü ehtiyat kadr siyahısına salınmışdır ki, gələcəkdə həmin şəxslərin münasib işlə təmin olunması diqqətdə saxlanılacaqdır.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilmişdir. 2015-ci il ərzində Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirlikləri, Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarında 497 namizəd iştirak etmiş, onlardan 104-ü müvəffəqiyyət qazanmışdır.
Ehtiyata keçirilən kadrların işlə təmin olunması üçün tədbirlər görülmüş, ehtiyat kadrlar siyahısında olan 2 namizəd işlə təmin edilmişdir.
Hesabat dövründə Komissiya dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirmişdir. Muxtar respublikanın şəhər və rayonlarında 5-28 avqust 2015-ci il tarixlərdə etik davranış qaydalarına riayət olunması, reyestrin aparılması, dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları və digər mövzularda 474 dövlət qulluqçusunun iştirakı ilə seminarlar keçirilmişdir. Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmiş, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılmış, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilmişdir.
Əsasnaməyə görə Komissiyanın əsas vəzifələrindən biri dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasını təmin etməkdir. 2015-ci ildə dövlət qulluqçularının reyestrinin elektron formada aparılması işi davam etdirilmiş, 2116 dövlət qulluqçu¬sunun reyestr məlumatları bazaya işlənilmişdir. Bundan başqa, Dövlət Qulluqçuları Reyestri proqramında olan çatışmazlıqlar aradan qaldırılmış, proqrama yeni axtarış modulları əlavə edilmişdir.
2015-ci il ərzində Komissiyanın test bazasının təkmilləşdirilməsi işi davam etdirilmiş, 463 yeni test sualı işlənib hazırlanmışdır. Hazırlanmış testlərin ekspertizasından sonra növbəti müsabiqədə yeni suallardan istifadə edilməsi nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, 2016-cı ildə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməli, Dövlət Qulluqçuları Reyestrinin işlənilməsi başa çatdırılmalı, baş vermiş dəyişikliklər vaxtlı-vaxtında reyestrə daxil edilməli, Komissiyanın test bazası yeni suallarla zənginləşdirilməli, dövlət qulluğu sahəsində müxtəlif mövzularda seminarlar və inzibati vəzifə tutan dövlət qulluqçularının attestasiyası keçirilməli, dövlət orqanlarına mеtоdiki kö-məklik göstərilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.