Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİ

Q Ə R A R


“Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında

“Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
“Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilsin (əlavə оlunur).





Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                                                                                                Səbuhi Məmmədov

«19» iyun 2020-ci il
№ 110



Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2020-ci il
19 iyun tarixli 110 nömrəli qərarı
ilə təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən
təhsilverənlərin sertifikatlaşdırma

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində (bundan sonra - təhsil müəssisələri) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
1.3. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
1.4.1. hamilə qadınlar;
1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
1.4.3. ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;
1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

2. Sertifikatlaşdırmanın təşkili

2.1. Sertifikatlaşdırma Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra Komissiya) tərəfindən həyata keçirilir.
2.2. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra - Sertifikatlaşdırma Şurası) yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.
2.3. Sertifikatlaşdırma Şurasına Naxçıvan Muxtar Respublikasının Təhsil naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edir.
2.4. Sertifikatlaşdırma Şurasının tərkibi Nazirliyin 5, Komissiyanın 2, nümayəndəsi daxil edilməklə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri tərəfindən təsdiq edilir. Sertifikatlaşdırma Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
2.5. Sertifikatlaşdırma Şurası:
2.5.1. sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;
2.5.2. sertifikatlaşdırmanın test mərhələsinin suallarının və müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının hazırlanmasını təmin edir;
2.5.3. sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı proqram təminatının hazırlanmasına nəzarət edir;
2.5.4. müsahibə komissiyalarının tərkibinə dair Nazirliyə təkliflər təqdim edir;
2.5.5. sertifikatlaşdırmanın aparılmasını təşkil edir;
2.5.6. sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir;
2.5.7. sertifikatlaşdırmanın nəticələrini Nazirliyə təqdim edir.
2.6. Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Sertifikatlaşdırma” altsistemi (bundan sonra - altsistem) yaradılır.
2.7. İctimai nəzarətin təmin edilməsi məqsədilə Sertifikatlaşdırma Şurası dövlət orqanlarının (qurumlarının) habelə kütləvi informasiya vasitələrinin nümayəndələrini sertifikatlaşdırmaya müşahidəçi qismində dəvət edir.
2.8. Müşahidəçilərin sertifikatlaşdırmanın gedişatına müdaxiləsi yolverilməzdir.

3. Sertifikatlaşdırmanın keçirilməsi

3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.
3.2. Sertifikatlaşdırmanın keçirilməsi yeri, vaxtı və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisaslar Nazirlik tərəfindən müəyyən edilir, altsistemdə və Komissiyanın internet portalında yerləşdirilir.
3.3. Nazirliyin müvafiq yerli bölmələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır, siyahısını tərtib edir və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edir.
3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən tərəfindən altsistemdə və Komissiyanın internet portalında “Şəxsi kabinet” açılır. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır.
3.5. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir.
3.6. Təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən bu Qaydanın tələblərinin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.
3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir.
3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir.
3.9. Test mərhələsi Komissiya tərəfindən kompüterdə elektron qaydada həyata keçirilir.
3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir və ona “Test imtahanının nəticəsi haqqında arayış” verilir.
3.13. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.
3.14. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.
3.15. Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir.
3.16. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:
3.16.1. proqram üzrə mövzunu təqdimetmə bacarığı;
3.16.2. təhsilalanları qiymətləndirmə bacarığı;
3.16.3. özünü təqdimetmə bacarığı;
3.16.4. pedaqoji prosesi təşkiletmə bacarığı;
3.16.5. ünsiyyət bacarığı.
3.17. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür.
3.18. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
3.18.1. proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;
3.18.2. təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;
3.18.3. ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.
3.19. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.
3.20. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.
3.21. Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydanın müvafiq olaraq 3.14-cü və 3.19-cu bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.
3.22. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.

4. Sertifikatlaşdırmanın nəticələri

4.1. Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin müvafiq yerli bölmələrinə və təhsil müəssisələrinə göndərir.
4.2. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə bu Qaydanın əlavəsində nəzərdə tutulmuş formaya uyğun sertifikat verilir.
4.3. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər.

5. Yekun müddəalar

5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
5.2. Üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı