Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında

"Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının
Baş naziri: Ə.Baxşıyev
Qərar №48.
27.may.2017-ci il

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
27 may tarixli 48 nömrəli qərarı
ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət
qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin
tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin
hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili,
keçirilməsi, qiymətləndirmənin aparılması

Q A Y D A S I

1. Ümumi müddəa

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının birinci (Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi), ikinci-beşinci kateqoriya dövlət orqanlarında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin ikinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir.

2. Test nümunələrinin hazırlanması, ekspertizası və təsdiqi

2.1. Komissiya dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, inzibati vəzifələr üzrə test imtahanı keçirir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

2.1.1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
1. AA qrupu;
2. AB qrupu;
3. AC qrupu.
2.1.2. B növü - inzibati icraçı vəzifələr üzrə:
1. BA qrupu;
2. BB qrupu.

2.2. Test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Komissiya tərəfindən müəyyən edilir.
2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Komissiya tərəfindən təşkil edilir.
2.4. Test tapşırıqlarının aşağıdakı növləri var:
2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;
2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.
2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Komissiya tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Komissiyanın internet saytında (bundan sonra - sayt) yerləşdirilir.
2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir:
2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır;
2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır;
2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır;
2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır;
2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
2.7. Açıq və esse tipli test tapşırıqları Komissiya tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları Komissiya, habelə müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir.
2.8. Ekspertizadan keçirilmiş test tapşırıqları Komissiya tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.
2.9. Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir.
2.10. Qanunvericilikdə edilmiş dəyişikliklər, elmi-texniki tərəqqi və s. nəzərə alınmaqla, test bankında toplanılmış test tapşırıqları mütəmadi ekspertizadan keçirilir.
2.11. Test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Komissiya və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir.

3. Test imtahanının təşkili və keçirilməsi

3.1. Komissiya inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, inzibati vəzifələr üzrə ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
3.2. Test imtahanında iştirak etmək üçün vətəndaşlar sayt vasitəsilə onlayn qeydiyyatdan keçir və ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.
3.3. Test imtahanının keçirilməsi məqsədi ilə Komissiya tərəfindən imtahan heyəti və imtahan prosesində iştirak edən digər şəxslər müəyyən edilir.
3.4. Test imtahanı qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
3.5. Test imtahanının keçirilmə yeri və vaxtı Komissiya tərəfindən müəyyən edilir və bu barədə məlumatları özündə əks etdirən qrafik və namizədin şəxsi kodu imtahana azı 5 gün qalmış saytda yerləşdirilir.
3.6. Namizəd şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə, test imtahanında iştirak edir. Namizəd test imtahanında iştirak edərkən, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Komissiya tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.7. İmtahan Komissiyanın qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.
3.8. İmtahanın davametmə müddəti Komissiya tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:
3.8.1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
3.8.2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
3.8.3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.
3.9. Namizəd ona ayrılmış vaxtdan istifadə etməkdə sərbəstdir.
3.10. Texniki səbəblərdən imtahanın aparılması mümkün olmadıqda, Komissiyanın qərarı əsasında imtahan davam etdirilə və ya yenidən keçirilə bilər.
3.11. Test imtahanının nəticələri haqqında məlumat saytda yerləşdirilir.
3.12. Namizədin müraciəti əsasında Komissiya tərəfindən ona imtahanın nəticəsinə dair arayış verilir.

4. Qiymətləndirilmənin aparılması

4.1. Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:
4.1.1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
4.1.2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
4.1.3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.
4.2.Vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə aşağıdakı qaydada müəyyən olunur:

Vəzifə qrupu Vəzifə altqrupu Keçid balı
(faizlə)
AA AA2 80
AA4 70
AB AB1 85
AB2 80
AB3 75
AB4 70
AC AC1 80
AC2 75
AC3 70
AC4 65
BA BA1 85
BA2 80
BA3 75
BA4 70
BB BB1 80
BB2 75
BB3 70
BB4 65


4.3. Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr saytda yerləşdirildiyi gündən 3 iş günü müddətində Komissiya tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 3
Dünən 679
Bu gün 363
Ümumi 46718

Başlanma tarixi: 01 fevral 2018




Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı